Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində əməkdaşlığa dair sənəd imzalanıb Türkiyə nümayəndə heyəti aprelin 30-dək Azərbaycanda səfərdə olacaq
İnfrastruktur
28 Aprel , 2015 19:03
Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Türkiyənin keyfiyyət infrastrukturu üzrə fəaliyyət göstərən qurumların rəhbər şəxsləri ilə görüş keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, Komitə sədri Ramiz Həsənov bildirib ki, ölkədə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və standartlara dövlət nəzarəti sahələri beynəlxalq tələblərə uyğunlaşdırılıb. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun qəbul edilib. Bu işlərin davamlı olması və keyfiyyət infrastrukturu sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Türkiyə təcrübəsinin də öyrənilməsinin vacibliyini qeyd edən R.Həsənov kadr mübadiləsinin aparılmasını təklif edib.

Təklifi qəbul edən Türkiyə nümayəndə heyətinin rəhbəri Türkiyə İqtisadiyyat Nazirliyi Məhsul Təhlükəsizliyi və Yoxlama üzrə Baş İdarəsinin müdiri Mehmet Karabay iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda türkiyəli iş adamları üçün yerli sahibkarlar şərait yaradıb. M.Karabayın sözlərinə görə, qurulmuş bu şərait son nəticədə hər iki ölkənin keyfiyyət infrastrurkturunun inkişafına təsir edir.

Görüşdə 2012-ci ilin sentyabr ayında Bakıda imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası istiqamətində bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Daha sonra Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Türkiyə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığa dair 2015-2017-ci illər üzrə Fəaliyyət Planı imzalanıb.

Qeyd edək ki, M.Karabayın rəhbərlik etdiyi nümayəndə heyətinə Türk Metrologiya İnstitutunun (TUBİTAK UME) müdiri Mustafa Çetintaş, Türk Akkreditasiya Orqanının (TÜRKAK) baş katibinin müavini Ahmet Tekin, Türk Standartlar İnstitutunun rəhbər şəxsləri və digər mütəxəssislər daxil olub. Nümayəndə heyəti aprelin 30-dək Komitə yanında Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ilə ikitərəfli görüşlər keçirəcək və müvafiq dövlət etalonları laboratoriyalarına, kalibrləmə laboratoriyalarına baxış keçirəcək. 

Son xəbərlər

Orphus sistemi