Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və İran dəmiryolçuları apreldə yenidən görüşəcək

    Tərəflərin bu gün də Naxçıvanda görüşü baş tutub

    Bakı. 3 mart . REPORT.AZ/ Bu gün Naxçıvan Müxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında ikitərəfli görüş keçirilib. 

    Qurumdan "Report"da verilən məlumata görə, görüşdə "Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli”, “İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi”, “Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması” məsələləri müzakirə olunub.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov görüşdə çıxış edərək iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasətdən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışıb.

    İran Dəmir Yolları İdarə Heyətinin üzvü A.Hajfathaliha çıxış edərək müzakirə edilən məsələlər barədə fikirlərini bildirib.

    Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılıb müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi