Yuxarı
    Bağlamaq

    Azərbaycan üzərindən Rusiyadan Gürcüstana tranzit yükdaşımalarına start verilib

    İlkin yükün həcmi 8 min ton təşkil edib© Report.az

    Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın və Rusiyanın ötən il birgə təsis etdiyi "AzRusTrans" müştərək müəssisəsi regionda tranzit daşımalar üzrə fəaliyyətini genişləndirib. 

    Bu barədə "Report"a açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.

    Onun sözlərinə görə, şirkət Azərbaycan üzərindən Rusiya taxılını Gürcüstana tədarük etməyə başlayıb.

    "Azərbaycan üzərindən tranzit yüklərin daşınması ilə bağlı yeni layihənin icrasına başlamışıq. Belə ki, Amerikanın aqrar sahədə ixtisaslaşmış "Bunge" və İsveçrənin "Glencore İnternational" şirkətinin Rusiyada nümayəndəliyi fəaliyyət göstərir. Bu şirkətlərlə əldə etdiyimiz razılaşma əsasında onların Gürcüstana tədarük etməli olduqları yükü "AzRusTrans" çatdırır. Tərəflərlə 14 min tona yaxın taxılın daşınmasına dair razılıq əldə etmişik və mart ayında 8 min ton Azərbaycan üzərindən Rusiyadan Gürcüstana çatdırılıb. Apreldə həmin yükün 6 min tonu daşınıb. May ayında da bu proses davam edəcək",- C.Quliyev deyib.

    Azərbaycan üzərindən tranzit yüklərin daşınmasının üstünlüklərini qeyd edən C.Quliyev bildirib ki, indiyə qədər Rusiyadan Gürcüstana taxıl Azov dənizi - Qara dəniz hövzəsindən keçirilərək Batumiyə çatdırılır, oradan isə yük Qardabani şəhərinə gedib: "Yüklərin Azərbaycan üzərindən daşınması isə həm vaxt, həm təhlükəsizilik, həm də iqtisadi baxımdan olduqca əlverişlidir. Bir müddət əvvəl Azərbaycanda dəmiryolu daşımalarının tarifləri yüksək idi, lakin daha sonra tariflər xeyli optimallaşdırıldı və bu, məhz tranzit daşımalara üstünlük verilməsinə səbəb oldu. Digər məsələ təhlükəsizlikdir. Belə ki, gəmi daşınmaları ilə müqayisədə dəmiryolu daşınmaları çox etibarlıdır. Eyni zamanda gəmidə qiymətlər daim dəyişir, üstəlik gəmi normasını da nəzərə almaq lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi