Yuxarı

Azərbaycan Transxəzər nəqliyyat dəhlizi ölkələri ilə vahid tariflər müəyyənləşdirmək niyyətindədir

Nazir müavini: Gürcüstanla ilkin razılıq əldə edilib, digər ölkələrlə də müzakirələr davam etdirilir

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan ölkələrlə birgə vahid tariflərin müəyyən olunmasını planlaşdırır. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. 

Nazir müavini bildirib ki, bu dəhliz boyu ölkələrlə danışıqların aparılması və razılıq olacağı təqdirdə tranzit yükdaşımalarla bağlı istifadəyə verilən saytın vahid portal ola biləcəyi də nəzərdə tutulur.

"Planlaşdırırıq ki, saytın funksonallığı artırılsın, məsələni ABŞ-ın USAİD təşkilatı ilə müzakirə etmişik və onun dəstəyi ilə Azərbaycan Koordinasiya Şurasına müvafiq ekspert yardımı göstəriləcək. Bütün bu planlarımız reallaşarsa, dəhlizin rəqabətqabiliyyətliliyi digər alternativlərə münasibətdə qat-qat artmış olacaq", - deyə S.Babayev qeyd edib.

Nazir müavini əlavə edib ki, Gürcüstanla aparılan müzakirələr artıq ilkin nəticələrini verib: "İlkin prinsipial razılıq əldə edilib, digər ölkələrlə də bu istiqamətdə müzakirələr davam etdirilir".

İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsi hazırlanıb və hökumətə təqdim edilib. Daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli daşıma imkanlarını təmin edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi