Azərbaycan Tarif Şurası su pulunu artırıb

Azərbaycan Tarif Şurası su pulunu artırıb Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün sudan istifadə tarifi 35 qəpik/kubmetrə çatdırılıb
İnfrastruktur
13 May , 2016 19:28
Azərbaycan Tarif Şurası su pulunu artırıb

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Şuradan "Report"a verilən məlumata görə, "Azərsu" ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr (əvvəl 12 manat/kubmetr) müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik/kubmetr) səviyyəsində təsdiq olunub.

Tarif Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.

İclasda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1 000 kubmetr suyun topdansatış tarifi barədə" Tarif Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ləğv edilib. Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi