Yuxarı

​Azərbaycan Rusiyadan yük vaqonları alacaq

Bununla bağlı iki ölkə arasında ilkin sənəd imzalanıb

Bakı. 12 mart. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Rusiyanın F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, qurumun sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib.

O, bildirib ki, Azərbaycan dəmiryolçuları rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.

“Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi, Azərbaycan dəmir yolunun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb. Tədbirin sonunda yük vaqonlarının alınmasına dair protokol imzalanıb. 

Qeyd edək ki, Rusiya KİV-i “Uralvaqonzavod”un Azərbaycana 2,9 min yük vaqonu göndərməyi planlaşdırdığını yazır. Burada söhbət universal yarımvaqonlar, qapalı vaqonlar, taxıl və sement daşıyan vaqonlar, platformalar, neft və neft məhsullarının daşınması üçün sisternlərin alınmasından gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi