Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib

    Prezident İlham Əliyev: “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”

    Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

    "Report"un xəbərinə görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib.
    Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basıb. Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verilib. Qeyd edilib ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
    Sonra dövlət başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verilib. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.
    Bildirilib ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
    Diqqətə çatdırılıb ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlət başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.

    Sonra dövlət başçısı mərasim iştirakçıları ilə görüşdü.
    Prezident İlham Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı bildirib ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”, - deyən dövlət başçısı Şəmkirçay və Taxtakörpü su anbarı layihələrinin Azərbaycanın iqtisadi qüdrətinin əyani nümunəsinə çevrildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını dedi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edildiyini bildirib. Dövlət başçısı enerji təhlükəsizliyinin təmin edildiyi Azərbaycanda enerji güclərinin artırılması istiqamətində tədbirlər görüldüyünü və yeni su elektrik stansiyalarının inşa olunduğunu vurğulayıb.
    Prezident İlham Əliyev deyib ki, ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan dünyada böyük nüfuz qazanıb və gələcəkdə belə layihələrin icrası davam etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi