Yuxarı

Azərbaycan Prezidenti Sabirabadda çoxmənzilli binaların əsaslı təmirinə 3 mln. manat ayırıb

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, tikinti-quraşdırma işləri 218,2 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, “ASAN xidmət” mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılıb, 13 mindən çox yeni iş yeri açılıb, Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, yetmiş altı min nəfər əhalinin yaşadığı 40 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 133 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Sabirabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi