Azərbaycan Prezidenti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Prezidenti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB Dövlət başçısı Mingəçevirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib
İnfrastruktur
24 Fevral , 2015 20:40
Azərbaycan Prezidenti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

"Report" xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verib. O bildirib ki, 1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir əsaslı şəkildə yenidən qurulur.

Qeyd edilib ki, bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.

Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Bundan başqa, dövlət başçısı Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.

Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi tikilib. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunur. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaq əyləncə meydançaları yaradılıb, müasir attraksionlar və yelləncəklər quraşdırılıb. Aparılan yenidənqurma işləri sayəsində park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Eyni zamanda, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib.

Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılıb. Uşaq bağçasının foyesində ümummilli lider Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var. Uşaq bağçasında kompyuter, rəsm, şahmat otaqları da balacaların ixtiyarına veriləcək. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.

Bundan əlavə, dövlət başçısı Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev Parkının yenidən qurulmasına 2014-cü ilin may ayında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq. Bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin vətəndaşların sosial məsələlərinin həlli, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində atdığı addımlar ardıcıl xarakter daşıyır.

Prezident İlham Əliyevə Heydər Əliyev prospektində görüləcək işlər, o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə də məlumat verilib. Bildirilib ki, Mingəçevir toxuculuq fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr yaradılacaq, həmin müəssisələrdə 2 mindən çox sakin işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlət başçısının diqqətinə çatdırılıb ki, Kür çayının Mingəçevirdən keçən hissəsinin üzərində körpü inşa olunacaq. Bildirilib ki, şəhərdəki yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri aparılıb.

Dövlət başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi