Yuxarı

​Azərbaycan Prezidenti “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub

Dövlət başçısı “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə də tanış olub

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

"Report"un məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə inşa edilir. Otel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə, oteldə 55 otaq olacaq. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı yaradılacaq. Bundan başqa, oteldə uşaq və böyüklər üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına veriləcək. İnşaat işləri zamanı Kür çayının üzərindən asma kanat yolunun inşası da nəzərdə tutulur. Otelin kottecləri də olacaq.

Yeni otelin istifadəyə verilməsi həm də iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Belə ki, kompleks istifadəyə veriləndən sonra burada 40 nəfər işlə təmin ediləcək. Otelin ilk Avropa Oyunları başlayanadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu cür komplekslərin inşası, ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının göstəricisidir. Digər tərəfdən, belə obyektlər bir neçə aydan sonra ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının iştirakçılarını yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkanlar yaradır. Belə layihələrin icrası onu da sübut edir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində istirahət məkanları inşa olunur. “Ağsaray” otelinin inşası Mingəçevirə turist axınının artmasına səbəb olacaq.

Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və göstərişlərini verib.

Eyni zamanda, dövlət başçısı Mingəçevirdə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində də olub.

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.

Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi