Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

    Dövlət başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib

    Bakı. 19 avqust. REPORT.AZ/ Göygöl rayonunda səfərdə olan Prezident İlham Əliyev buradakı Qələbə parkında yaradılan şəraitlə tanış olub.

    “Report” xəbər verir ki, dövlət başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib.

    Bildirilib ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

    Qeyd olunub ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

    Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.

    Diqqətə çatdırılıb ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

    Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. “Qələbə” parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi