Azərbaycan ​Prezidenti “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub

Azərbaycan ​Prezidenti “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
İnfrastruktur
11 Aprel , 2015 12:52
Azərbaycan ​Prezidenti “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.

"Report"un xəbərinə görə,  Prezident İlham Əliyevə məlumat verilib ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.

Burada, həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. İstismara verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Qeyd olunub ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Diqqətə çatdırılıb ki, müəssisənin Lənkəran rayonu ərazisində 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.

Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 ədəd qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektar portağal və 3 hektar naringi tingi əkilib.

Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi