Bakı. 11 iyul. REPORT.AZ/ Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı tədbirlər keçirilib.
“Report”a Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, bununla bağlı keçirilən tədbirlərdə ICAO-nun Prezidenti Olumuiva Benard Aliu, təşkilatın Baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.
Məlumata əsasən, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərə qatılıb.
Eyni zamanda səfər zamanı nümayəndə heyəti ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib, uçuşlarının təhlükəsizliyi məsələlərində Azərbaycanın mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.