Yuxarı

Azərbaycan Leypsiqdə keçirilən nəqliyyat forumunda iştirak edir

Tədbirdə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edir

Bakı. 19 may. REPORT.AZ/ Leypsiqdə (Almaniya) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin nəqliyyat nazirlərinin iştirakı ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda (International Transport Forum, ITF) Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Report"a verilən məlumata görə, builki sammitin mövzusu “yaşıl” və “sosial” nəqliyyatdır. Foruma 57 üzv ölkənin, o cümlədən, ABŞ, Braziliya, Meksika və digər ölkələrin nəqliyyat nazirləri, həmçinin biznes, elmi dairələr, dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbir mayın 20-dək davam edəcək.

Qeyd edək ki, ITF 57 üzvə malik hökumətlərarası təşkilatdır. Təşkilat qlobal səviyyədə nəqliyyat siyasətini formalaşdırmaq və iqtisadi artıma dəstək, ətraf mühitin mühafizəsi, sosial inteqrasiya və insanın həyatı və rifahının qorunması məqsədilə fəaliyyət göstərən strateji beyin mərkəzi qismində çıxış edir.

ITF öz missiyasını həyata keçirmək üçün müxtəlif statistik məlumatları toplayır, birgə tədqiqat proqramları keçirir və nazirlər, sənaye, vətəndaş cəmiyyəti və elmi dairələrin aparıcı nümayəndələrinin iştirakı ilə illik sammit təşkil edir. Azərbaycan 1998-ci ildə Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola qoşulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi