Yuxarı
    Bağlamaq

    Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında iki sənəd imzalanıb

    Sabah Bakıda Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı konfransı keçiriləcək

    Bakı. 7 sentybar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında DGK-nin Kinoloji Mərkəzinin ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair anlaşma memorandumu və Dövlət Komitəsinin Akademiyası ilə Almaniyanın Münster Universitetinin Gömrük və Aksiz Departamenti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair fəaliyyət planı imzalanıb. 

    "Report" xəbər verir ki, həmçinin bu gün ÜGT-nin Bakıdakı Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcəyi və MDB ölkələri gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışına start veriləcəyi gözlənilir.

    Sentyabrın 8-də isə ÜGT-nin 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı keçiriləcək.

    Açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, DGK-nin sədri Aydın Əliyev, ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin iştirakı nəzərdə tutulub.

    Qeyd edək ki, bu gün, sənədlərin imzalanmasından öncə DGK sədri A.Əliyev ÜGT-nin baş katibi K.Mikuriyanı qəbul edib. A.Əliyev qonağı gələn il keçiriləcək Gömrük Akademiyasının buraxılışında iştirak etmək üçün Bakıya dəvət edib.

    K.Mikuriya isə öz növbəsində ötən il ölkə prezidenti ilə keçirdiyi görüşü xatırladıb və dövlətin gömrük xidmətinə göstərdiyi etimadı yüksək qiymətləndirdiyini qeyd edib: "İndi imzalanacaq sənədlə sizin ölkənizdə olan Kinoloji Mərkəz ÜGT-nin 8-ci regional təlim mərkəzi olacaq. Həmçinin sabahkı konfransı keçirdiyinizə görə də təşəkkür edirəm".

    "Azərbaycanda təlim keçmiş itləri Moldova, Türkiyə, Toqo, Monqolustan, Əfqanıstan və başqa ölkələrə hədiyyə etmişik. Bu gün isə iki iti Qabon nümayəndə heyətinə təqdim edəcəyik", - deyə A.Əliyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi