Azərbaycan ICAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək

Azərbaycan ICAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək Tədbirlər sentyabrın 27-dən oktyabrın 7-dək Monreal şəhərində keçiriləcək
İnfrastruktur
16 Sentyabr , 2016 13:12
Azərbaycan ICAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-dən oktyabrın 7-dək Monreal şəhərində (Kanada) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Assambleyasının 39-cu sessiyası keçiriləcək. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Assambleyanın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər. Mülki aviasiya fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri Assambleyada müşahidəçi statusunda iştirak edəcək.

ICAO Şurası tərəfindən təsdiq olunan Assambleyanın ilkin gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, həmçinin beynəlxalq mülki aviasiya uçuşlarının təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitə dair əsas mövqelərin nəzərdən keçirilməsi daxildir. Həmçinin, Assambleyanın sessiyasının açılışından bir gün öncə Monrealda ICAO-nun aviasiya məsələləri üzrə II Ümumdünya Forumu (IWAF-2016) keçiriləcək.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də ICAO-nun Assambleyasının işində və "IWAF-2016" forumunda iştirak etməyi, digər ölkələrin mülki aviasiya administrasiyaları və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, forumda ICAO-ya üzv dövlətlərin hökumət rəsmiləri, eləcə də mülki aviasiya sahəsinin aparıcı sənaye və maliyyə tərəfdaşları dəvət olunub. "IWAF-2016" forumunun məqsədi ehtiyacların müəyyənləşdirilməsi, "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" (NCLB) təşəbbüsünü dəstəkləmək üçün beynəlxalq mülki aviasiyanın aparıcı təcrübəsi və qlobal standartların tətbiqi tempini artırmaq məqsədilə lazım olan vəsait və maliyyələşmənin əldə olunması üçün şəraitin yaradılması və aviasiyanın davamlı inkişafı üçün kifayət qədər resursların təmin olunması sahəsində informasiya və dəyərli təcrübə mübadiləsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi