Azərbaycan-İran sərhədində dəmiryolu körpüsünün təməli qoyulub - YENİLƏNİB

Azərbaycan-İran sərhədində dəmiryolu körpüsünün təməli qoyulub - YENİLƏNİB Şahin Mustafayev: "Bu, Azərbaycan-İran əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq"
İnfrastruktur
20 Aprel , 2016 17:23
Azərbaycan-İran sərhədində dəmiryolu körpüsünün təməli qoyulub - YENİLƏNİB

İlk xəbər saat 17:32-də verilib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan dövlət başçısının İrana sonuncu səfəri çərçivəsində iki ölkə arasında imzalanan dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq, bu gün Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, təməlqoyma mərasimində Azərbaycan-İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri, Azərbaycanının iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Ş.Mustafayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın ərazisində Astara dəmir yolu stansiyasından İranın sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxıblar. Hazırda sözügedən ərazidə 100-ə yaxın texnika işləyir. Bu əraziyə 20 min kubmetr qum, 17 min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərlər və keçirilən görüşlərin mühüm rol oynadığını bildirib:“Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaq".

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bu, dəhlizin 1-ci mərhələsi hesab olunan Azərbaycanının ərazisində Astara dəmir yolu stansiyasından İranının sərhədinə kimi 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla da, iki ölkənin dəmir yolu şəbəkələri birləşdiriləcək.

İranlı nazir M.Vaezi İran və Azərbaycan prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli olacaq.

Son xəbərlər

Orphus sistemi