Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB

Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB Bakı görüşündə Cənub-Qərb nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilir
İnfrastruktur
19 İyun , 2017 13:38
Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:00-da verilib

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları idarələri rəhbərlərinin görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak ediblər.

Beştərəfli görüşdə Cənub-Qərb nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişafı, bu marşrut üzrə daşınmaların həyata keçirilməsində təşkilati, texnoloji və logistika məsələlərinin həllində tərəflərin atdığı addımların əlaqələndirilməsi, marşrut üzrə katibliyin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilib.

***

Müzakirələrdən sonra qərara alınıb ki, Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək Cənub-Qərb nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin.

Bundan başqa, Cənub-Qərb nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsinin də araşdırılması barədə qərar qəbul olunub. Əldə edilmiş razılığa əsasən, Cənub-Qərb nəqliyyat marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşa dəmir yolları arasında əlaqələndirmə işləri "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilir. Bu marşrut üzrə strateji əhəmiyyətli məsələlər, marşrutun inkişaf perspektivləri Əlaqələndirmə Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yarana biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə Komitə nəzdində Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşa dəmir yollarının nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması nəzərdə tutulub.

Bundan başqa, tərəflər keçid tariflərin tətbiq olunması təklifi ilə çıxış ediblər.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Son xəbərlər

Orphus sistemi