​Azərbaycan hökuməti xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydasını təsdiqləyib

​Azərbaycan hökuməti xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydasını təsdiqləyib Daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən, Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir
İnfrastruktur
18 İyul , 2016 18:02
​Azərbaycan hökuməti xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydasını təsdiqləyib

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası"nı təsdiq edib.

"Report"un xəbərinə görə, bu qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən və dövlət rüsumundan azaddır:

1. Dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda,

2. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.

Daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən, Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

Bu Qayda Azərbaycan ərazisində dəmir yolu ilə nəql edilən yüklərin Azərbaycanın vahid gömrük ərazisindən Türkiyəyə və ya İran İslam Respublikasına, habelə Türkiyədən və ya İran İslam Respublikasından gömrük ərazisinə daşınan yüklərin Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqlinə davam etdirilməsi məqsədi ilə gömrük ərazisinə daxil olan və bu ərazini tərk edən xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə şamil edilir.

Avtonəqliyyat vasitələri aşağıda qeyd edilən daşımaları həyata keçirdikdə, yol vergisindən və dövlət rüsumundan azad olunur:

1. Azərbaycanın ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

2. Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq Türkiyəyə və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

3. İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

4. Türkiyədən avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

5. Avtonəqliyyat vasitəsi Türkiyədən və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda.

Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər Azərbaycanın gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Gömrük Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

Bildiriş kağız üzərində yazılı formada təqdim edildikdə, üç nüsxədə tərtib edilir. Bildirişin bir nüsxəsi müvafiq gömrük orqanında, digər iki nüsxəsi isə bəyannaməçidə qalır.

Avtonəqliyyat vasitəsi Astara və ya Şərur dəmir yolu stansiyasına daxil olduqda, bəyannaməçi bildirişin bir nüsxəsini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumuna təqdim etməlidir.

Kağız üzərində yazılı formada təqdim olunan bildiriş bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Elektron formada təqdim edilən bildirişdə elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.

Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir.

İran İslam Respublikasının və ya Türkiyə Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə müvafiq olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bildirişi gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda, bəyannaməçi bildirişi və müvafiq müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi