Azərbaycan hökuməti müfəssəl planların hazırlanması qaydalarına dəyişiklik edib

Azərbaycan hökuməti müfəssəl planların hazırlanması qaydalarına dəyişiklik edib Qərara əsasən, ərazinin müfəssəl planı həmin ərazinin baş planına əsasən hazırlanmalıdır
İnfrastruktur
29 Yanvar , 2015 10:32
Azərbaycan hökuməti müfəssəl planların hazırlanması qaydalarına dəyişiklik edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nı təsdiq edib. 

"Report" xəbər verir ki, qərara əsasən, bundan sonra ərazilərin müfəssəl planlarının hazırlanması 11 dövlət qurumu ilə razılaşdırılmalıdır. Həmin qurumların siyahısında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Nəqliyyat, Mədəniyyət və Turizm nazirlikləri, Əmlak Məsələləri, Dövlət Torpaq və Xəritəçəkmə komitələri, "Azərsu" ASC, "Azərenerji" ASC, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin adı yer alıb. Məlumata görə, bu proses zamanı razılıq əldə edilməli qurumlar arasında layihə tapşırığında qeyd olunan orqan və qurumlar da yer ala bilər.

Nazirlər Kabinetinin qərarına əsasən, ərazinin müfəssəl planı həmin ərazinin baş planına əsasən hazırlanmalıdır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir.

Qərara əsasən, müfəssəl planın sərhədləri, ərazi zonalarının şərti işarələri, xarici nəqliyyat magistrallarının istiqamətlərinin coğrafi adları qeyd edilməklə ərazinin mövqe planı 1:5 000 və ya 1:10 000 miqyasında hazırlanmalıdır.

Bu Qaydalara Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

Nazirlər Kabinetinin digər qərarı ilə "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları" təsdiq edilib.

Bu qaydalara əsasən, müfəssəl plan olmadığı, yaxud onun müddəti bitdiyi halda tikinti və abadlıq işləri müfəssəl plan üçün olan tələblərə uyğun aparılarsa, ərazinin ümumi görüntüsü Baş planda 1:500 miqyasında göstərilərsə və yaxud Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilərsə bu tikintinin aparılmasına icazə verilir. Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.

Son xəbərlər

Orphus sistemi