Yuxarı

Azərbaycan Fransadan yeni metro qatarları ala bilər

Ölkə hökumətinin bununla bağlı 2016-cı ilin əvvəlində qərar verəcəyi gözlənilir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransanın “Alstom Transport” şirkətinin "Bakı Metropoliteni" QSC ilə geniş əməkdaşlıq planları mövcuddur. Maşınqayırma sahəsində ixtisaslamış şirkət Bakının mövcud metro xətlərində istismar olunan köhnə qatarları yeniləməyə, habelə yeni nəsil qatarlarını tədarük etməyə hazırdır. Bunu “Report”a açıqlamasında "Alstom Transport"un Rusiya və MDB ölkələri üzrə baş vitse-prezidenti Martin Vojur deyib.

“Burada, həmçinin tərəfdaşımız “Metrovaqonmaş” (TMH) ilə birgə işləyəcəyimiz qatarlar da ola bilər. Bu məsələlər hazırda Bakı metrosu ilə müzakirə olunur. Lakin hələlik hökumətin bununla bağlı mövqeyi tam aydın deyil. 2016-cı ilin əvvəlində onların investisiyalarla bağlı dəqiq cavab verə biləcəklərini düşünürəm”, - deyə M.Vojur qeyd edib.

Dünyada baş verən qlobal maliyyə böhranının Azərbaycana da təsirsiz ötüşmədiyini deyən baş vitse-prezident müəyyən büdcə çətinliklərinin olduğunu bildirib. Onun sözlərinə görə, məlum səbəblərə görə "Bakı Metropoliteni" ilə bağlı əksər investsiyalar dondurulub və ola bilər ki, bu, bir neçə ay davam etsin: "Böhran Azərbaycana da təsir göstərir. Ona görə də, olduqca ehtiyatla hərəkət etmək lazımdır. Bu cür layihələr həmişə çox zaman alır. Biz işi davam etdiririk və düşünürəm ki, 2016-cı ilin əvvəlində biz hökumətin bununla bağlı nə qərar verəcəyini öyrənə biləcəyik”.

M.Vojur bununla belə “Alstom Transport”un Bakı metrosu ilə əlaqələrini davam etdirdiyini bildirib: “Biz öz məsləhətlərimizi veririk, çünki Bakı metrosu ilə həmçinin nəqliyyat vasitələri sahəsində əməkdaşlıq etmək istərdik. Belə ki, 2015-ci ildə daha 3 qatar tədarük etdik. Onlar I Avropa Oyunlarından əvvəl istismara verilib. Həmçinin, metro ilə gələcəkdə də qatarların alınmasına dair dialoqu davam etdiririk”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi