Yuxarı

Azərbaycan Dövlət Neft Fondu Moskvadakı ticarət mərkəzinin bir hissəsini məşhur brendə icarəyə verib

Bununla əlaqədar müvafiq işlər aparılır

İlk xəbər saat 15:37-də verilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bir sıra KİV-də Moskva şəhərində Tverskaya,16 ünvanında yerləşən "Gallery Actor" ofis-ticarət mərkəzinin bağlanmasına dair yayılan məlumatla əlaqədar açıqlama yayıb.

Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən mərkəzin ticarət obyektləri yerləşən üçmərtəbəli hissəsinin dünyanın məşhur brendlərindən birinə 32 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur.

"Bu da öz növbəsində binanın qiymətinə və ARDNF tərəfindən yatırılmış investisiyanın gəlirliliyinə müsbət təsir göstərəcək. Bununla əlaqədar müvafiq işlər aparılır".

***

Qeyd edək ki, Rusiya mətbuatında ARDNF-ə məxsus "Gallery Actor" ofis-ticarət mərkəzinin bağlanması barədə məlumat yayılıb. Məlumatda ticarət mərkəzinin yanvarın 11-dək işləyəcəyi, sonra isə bağlanacağı qeyd olunub. Bəzi mağazaların bu müddətdən öncə bağlanacağı yazılıb.

Xatırladaq ki, Dövlət Neft Fondu 2012-ci il dekabr ayında Moskvadakı bu ticarət mərkəzini 133 mln. ABŞ dollarına alıb. Binanın alqı-satqı prosesində satıcı qismində "VTB Group"a daxil olan "Metropolitan Insurance Group", hüquq məsləhətçisi kimi "ALRUD" şirkəti, broker qismində isə "Jones Lang La Salle" şirkəti çıxış edib.

Tiacrət mərkəzi Moskva şəhərinin tarixi mərkəzində yerləşir. Bina Tverskaya küçəsi və Strastnoy bulvarın kəsişməsində, Kreml və Qızıl meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv. metrdir. Əmlak illik icarə haqqı 9,6 mln. dollar olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi