Azərbaycan dəmir yolunun istehsalat bazasını yenidən qurur

Azərbaycan dəmir yolunun istehsalat bazasını yenidən qurur Bununla da ölkədəki bazaların sayı ikiyə çatdırılacaq
İnfrastruktur
6 Aprel , 2016 13:55
Azərbaycan dəmir yolunun istehsalat bazasını yenidən qurur

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr əsasən “Azərbaycan Dəmir Yolları" QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin Səngəçal istehsalat bazasında hazırlanır. Dünyanın cari iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatı ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulur. 

Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burada bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidən qurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb.

"5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"  MMC-nin baş direktoru Rizvan Rzayev bildirib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. 

Bazadakı yenidənqurma işlərində 200-dən artıq işçi çalışır.

Hazırda bazada müxtəlif fasilələrlə 4 ədəd çatılı kran fəaliyyət göstərir, daha 2 ədəd yeni çatılı kran alınıb.

Səngəçal istehsalat bazalarının ərazisində yolların yenilənməsi bir ay ərzində tam yekunlaşacaq, mayda yeni inzibati bina və texnika üçün nəzərdə tutulan anqarın tikintisinə başlanacaq.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub.

Son xəbərlər

Orphus sistemi