"Azərbaycan Dəmir Yolları" ilə DHL şirkəti arasında protokol imzalanıb

"Azərbaycan Dəmir Yolları" ilə DHL şirkəti arasında protokol imzalanıb İstanbulda keçirilən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
İnfrastruktur
23 May , 2016 17:13
Azərbaycan Dəmir Yolları ilə DHL şirkəti arasında protokol imzalanıb

Bakı. 23 may. REPORT.AZ/ İstanbulda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti dünya logistika bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb.

“Report” “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən şirkətin sədri Cavid Qurbanov, sədr müavini İqbal Hüseynov, sədrin müşaviri Vüsal Aslanov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər. Qarşı tərəfdən görüşə DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnanc, Şirkətin Çin üzrə baş icraçı direktoru Stiv Huanq və digərləri qatılıblar.

Görüş zamanı Azərbaycanın nəqliyyat potensialı, ölkədə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən Azərbaycanda iri logistik "hub"ın yaradılması haqda razılığa gəlib. Həmin "hub" vasitəsilə Çindən gələn yüklərin burada cəmləşərək sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanması planlaşdırılır.

Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, Almaniyanın DHL şirkəti 200 ölkədə 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

Son xəbərlər

Orphus sistemi