Yuxarı

Azərbaycan daha bir "Gulfstream" təyyarəsi alıb

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında biznes-aviasiyanın təyyarələri üçün 40 parklama yeri ayrılıb

Bakı.11 iyun. REPORT.AZ/ "Silk Way Group"a daxil olan "Silk Way Business Aviation" biznes-aviasiya operatoru aldığı daha bir "Gulfstream G650" yüksək qabaritli, sürətli biznes-ceti bu gün Bakıya gətirilib ki, bununla da bu növ təyyarələrin sayı ikiyə çatıb.

"Report"un "Azərbaycan Hava Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, ilk "Gulfstream G650" cari ilin martında ölkəyə gətirilib.

"Silk Way Business Aviation"ın direktoru Böyükağa Quliyev bildirib ki, ikinci "Gulfstream G650" təyyarəsinin əldə edilməsi uçuş coğrafiyasını xeyli genişləndirməyə və qonşu regionlardan yeni müştərilərin cəlb edilməsinə imkan verəcək: "Gulfstream G650" adətən, icarəyə verilmir. Layihəmizin unikallığı ondan ibarərdir ki, bu təyyarə yalnız bazarın premium sektoru üçün nəzərdə tutulub, burada onun faktiki olaraq rəqibləri yoxdur. Bu bizə yeni hüdudlara çatmağa və işgüzar aviasiyanın dünya səhnəsində mövqelərimizi möhkəmləndirməyə kömək edəcək".

Qeyd edək ki, 2007-ci ildə təsis edilən "SW Business Aviation" şirkəti Avropa İşgüzar Aviasiya Assosiasiyasına (EBAA) daxildir. Şirkət öz tarixinə "Gulfstream G450" əldə etməklə başlayıb, sonra isə flot G550, G280 və G200 təyyarələri ilə zənginləşib. Hazırda "Silk Way Business Aviation"ın parkı müxtəlif növ 8 "Gulfstream" təyyarəsindən ibarətdir. Şirkətin aviaparkında "Gulfstream"dan başqa, reaktiv “Boeing-727” və VIP konfiqurasiyalı regional turbovintli "ATR-42-500" də var.

Ötən ilin nəticələrinə görə, "SW Business Aviation"ın trafiki təqribən 30% artıb, ən çox tələbat olan istiqamətlər isə Moskva, London, Dubay, İstanbul və digər şəhərlər olub.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında işgüzar aviasiyanın təyyarələri üçün 40 parklama yeri ayrılıb ki, bu da I Avropa Oyunlarına gəlmək istəyənlərin hamısını problemsiz qəbul etməyə imkan verəcək.

Həmçinin, bütün xarici çarter və biznes reysləri üçün eksklüziv agent olan "SW Business Aviation" hər gün təqribən 7 reysə xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi