Azərbaycan Cənubi Koreya ilə dəniz ticarəti əlaqələrini gücləndirir

Azərbaycan Cənubi Koreya ilə dəniz ticarəti əlaqələrini gücləndirir Bu məqsədlə Dövlət Dəniz Administrasiyası ilə Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi arasında iki anlaşma memorandumu imzalanıb
İnfrastruktur
18 Mart , 2016 13:14
Azərbaycan Cənubi Koreya ilə dəniz ticarəti əlaqələrini gücləndirir

Bakı. 18 mart. REPORT.AZ/ Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Seul şəhərində səfərdə olub. Səfər çərçivəsində C. Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlər keçirilib və görüşlər zamanı maraq doğuran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mart ayının 17-də keçirilən görüşdə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb. Hər iki Anlaşma Memorandumunu  Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Koreyanın Okeanlar və Balıqçılıq nazir müavini Yoon Hag Bae imzalayıb. Bu, administrasiyadan "Report"a daxil olan məlumatda bildirilir. 

Dəniz nəqliyyatı sahəsində dostluq, dəniz ticarəti əlaqələrinin inkişafını və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Koreya Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, eləcə də tərəflərin limanlarında dəniz nəqliyyatı ilə daşımaların inkişafına mənfi təsir göstərə biləcək maneələrin aradan qaldırılması üzrə birgə səylər göstərməkdir.
Dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək adıçəkilən anlaşma memorandumunda, həmçinin peşəkar dənizçilərin həvəsləndirilməsi və dəniz nəqliyyatı sahəsində mütəxəssislərin mübadiləsi üzrə bir sıra təlim proqramlarının da dəstəklənməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun əsas məqsədi isə tərəflər arasında dəniz nəqliyyatı sahəsi üzrə təhsil və təlimin, habelə dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması və bu sahədə faydalı əməkdaşlığın təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi