​Azərbaycan böyük aviatikinti şirkətləri ilə danışıqlar aparır

​Azərbaycan böyük aviatikinti şirkətləri ilə danışıqlar aparır Orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalanıb
İnfrastruktur
13 İyul , 2016 10:52
​Azərbaycan böyük aviatikinti şirkətləri ilə danışıqlar aparır

Bakı. 13 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow – 2016” Beynəlxalq aerokosmik salonunda iştirak edib.

“Report”a QSC-nin mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində Azərbaycan tərəfi “Boeing”, “İlyuşin”, “Antonov” və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.

“Boeing” şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükü məsələsi müzakirə olunub. Eyni zamanda görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

Bununla yanaşı, “Ukrayna aviatikinti şirkəti” Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və “Antonov” dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda “Аn-178” nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib.

Eyni zamanda C.Əsgərov və “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsovarasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. İyun ayında tərəflər 10 yeni “МС-21” orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıblar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.

Görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan “Аn-124-100” (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb. C.Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni “Silk Way Holdingin” Prezidenti Zaur Axundov və “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov imzalayıb.

“Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk”, deyə - Cahangir Əsgərov bildirib.

Son xəbərlər

Orphus sistemi