Yuxarı

Azərbaycan BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri seçilib

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi 2013-cü ildən İşçi Qrupuna sərdlik edir

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ardıcıl olaraq növbəti müddətə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri seçilib.

“Report” Komitəyə istinadən bildirir ki, BMT-nin Cenevrədə (İsveçrə) yerləşən mənzil-qərargahında BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun növbəti, 9-cu sessiyası keçirilib. Sessiyaya İşçi Qrupunun 2013-cü ildən sədri olan Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sədrlik edib. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ikinci iclası keçirilib, İşçi Qrupunun 2013-2014-cü illərdə fəaliyyəti qiymətləndirilib, qrupun Bürosunun işi haqqında hesabat və 2016–2017-ci illər üçün iş proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Sessiyanın sonunda BMT Avropa İqtisadi Komissiyasının 56 üzv dövlətinin açıq səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində ƏMDK-nin nümayəndəsi ardıcıl olaraq növbəti iki il müddətinə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupu Bürosunun sədri seçilib. İşçi Qrupu sədrinin müavini vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə isə xanım Culi Berri (Böyük Britaniya) və Rik Vauters (Hollandiya) səs çoxluğu ilə qalib gəliblər.

Seçkilər nəticəsində İşçi Qrupunun Bürosuna 11 dövlətdən (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Finlandiya, Gürcüstan, İrlandiya, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumlarından) olan nümayəndələr üzv seçiliblər.

Sessiyanın işində AİK-ə üzv olan 56 dövlətin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), “EuroGeographics” Beynəlxalq Assosiasiyası, Beynəlxalq Bank, Beynəlxalq Mərzçəkənlər Federasiyası (FIG), Avropa İttifaqının Daimi Kadastr Komitəsi (PCC), Avropa Daşınmaz Əmlak Xidməti (EULIS), Avropa Daşınmaz Əmlakın Qeydiyyatı Assosiasiyası (ELRA), Beynəlxalq Əmək Təşkilatı (İLO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Geodeziya-Mərzçəkənlər Şurası (CLGE), Təbii Fəlakətlər Riskinin Azaldılması üzrə BMT Ofisi (UNISDR), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), BMT-nin Məskunlaşma Proqramı Administrasiyası (UN HABITAT), USAID və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi