Yuxarı

Azərbayanda ünvanlar üzrə cinayətlərin arxivi toplanacaq

Azərbayanda ünvanlar üzrə cinayətlərin arxivi toplanacaq
Bu, vətəndaşların daha təhlükəsiz yerdə daşınmaz əmlak almasına kömək edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbayanda gələcəkdə ünvanlar üzrə cinayət məlumatları bazasının formalaşdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Bakıda "Dövlət qurumlarının elektron inkişafı indeksi-2017" qiymətləndirmə hesabatı ilə çıxış edən elektron hökumət məsələləri üzrə ekspert Məhəmməd Muradov bildirib.

"Ölkədə cinayət datası ünvan üzrə deyil, rayon üzrə toplanır. Lakin Daxili İşlər Nazirliyi gələcəkdə cinayətlərin məntəqələr üzrə (baş verdiyi ünvan) statistikasını aparmaq niyyətindədir. Bunun bir çox üstünlükləri var. Birincisi, bu datanın açıqlanması vətəndaşların daha təhlükəsiz yerdə daşınmaz əmlakla bağlı qərarlarına təsir edə bilər. İkincisi, bu, biznesə, xüsusən sığorta şirkətlərinə sığortaladıqları əmlakın sığorta haqqını ünvan üzrə baş verən cinayətin sayı ilə korrelyasiya etmək imkanı verir. Bundan savayı, belə bir datanın açıqlanması tədqiqatçılara imkan verir ki, Bakının müxtəlif ünvanları üzrə cinayətlərin sayını, növünü və s. öyrənsinlər",- deyə M.Muradov əlavə edib. 

Qeyd edək ki, "Dövlət qurumlarının elektron inkişafı indeksi-2017" hesabatı 16 dövlət (Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Məclisin Aparatı, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Mərkəzi Seçki Komitəsi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Təhsil Nazirliyi, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi) qurumuna göndərilən sorğu əsasında tərtib edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi