Bakı. 29 yanvar. REPORT.AZ/ Paytaxtda davam edən qarlı hava şəraiti səbəbindən "Azəravtoyol" ASC-nin texnikaları Bakı-Sumqayıt yolunu qardan təmizləyirlər.
"Report"un məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli xəbər verib.
"Hazırda texnikalar yoldadır. Gecə boyu yollar nəzarətdə saxlanılacaq" – deyə o bildirib.
A.Nəcəfli qeyd edib ki, ASC-nin balansında olan küçə və prospektlər, həmçinin respublikanın avtomobil yolları səhər saat 5-6 radələrində yenə qardan təmizlənəcək.
"Ancaq bu o demək deyil ki, texnikalar işləri bitən kimi qarajlara gedəcək. Xeyr, belə deyil. Bütün problemli ərazilər nəzarət altında olacaq və texnikalar gecə boyu hazır vəziyyətdə bu ərazilərdə saxlanılacaq. Problem yaranan kimi qarın təmizlənməsinə, hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi işlərinə cəlb olunacaqlar" – deyə o əlavə edib.
Qeyd edək ki, gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.