Yuxarı

“Azəravtoyol”: 20 Yanvar dairəsi istiqamətində tıxac aradan qaldırılacaq - VİDEO

Moskva prospektindən şəhər mərkəzinə giriş hissəsində yol genişləndirilir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakıda Moskva prospektindən şəhər mərkəzinə giriş hissəsində 20 Yanvar dairəsinə doğru yol genişləndirilir. “Azəravtoyol” ASC-dən "Report"a verilən məlumata görə, məqsəd Sumqayıt şəhəri və Bakının şimal istiqamətindən paytaxta daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla 20 Yanvar dairəsinə çıxışını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - 20 Yanvar dairəsinə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur. 

Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək ikizolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq 20 Yanvar dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində tuneldən çıxdıqdan sonra 20 Yanvar dairəsi istiqamətində keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış "Şamaxinka" deyilən əraziyə daxil olaraq, 20 Yanvar dairəsi istiqamətinə hərəkət edə bilərlər.

Qeyd edək ki, nəqliyyatın sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.

Ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq genişləndirmə işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi