Yuxarı

​AZAL yeni istiqamətdə uçuşlara başlayır

Şirkət Türkiyənin kurort şəhərlərinə yeni uçuş proqramına başlayır

Bakı. 26 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı elan edib. AZAL-dan “Report”a verilən xəbərə əsasən, eyni zamanda aviaşirkət bu il Alanya (yeni istiqamət üzrə - Qazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.

Bakı-Bodrum-Bakı reysləri iyunun 17-dən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq. Bakı-İzmir-Bakı reysləri iyunun 15-dən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri olacaq. Bu marşrut üzrə də aviabiletin qiyməti 149 avrodan başlayır.

Bununla belə, Bakı-Dalaman-Bakı reysləri iyulun 1-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti 149 avro təşkil edəcək.

Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.

Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) həyata keçirilən reysin aviabilet qiyməti 139 avrodan başlayacaq. Uçuşlar "biznes" və "ekonom" sinifli "Airbus A319/A320" və "Boeing 757 "laynerləri ilə həyata keçiriləcək.

Qeyd edək ki, yuxarıda göstərilən istiqamətlər üzrə biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi