AZAL təyyarələrdə litium-ionlu batareyaların daşınması məsələsinə aydınlıq gətirib

AZAL təyyarələrdə litium-ionlu batareyaların daşınması məsələsinə aydınlıq gətirib Bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək
İnfrastruktur
23 Fevral , 2016 16:44
AZAL təyyarələrdə litium-ionlu batareyaların daşınması məsələsinə aydınlıq gətirib

Bakı. 23 fevral. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) rəsmi qərarına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təklifinə əsasən, sərnişin təyyarələrində litium-ionlu batareyaların daşınmasında tətbiq olunan məhdudiyyət yalnız yük şəklində göndərilən və şarjı 30%-dən artıq olan litium ion batareyalarına aiddir.

Bunu "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. 

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkəti tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə litium ion batareyalarının (UN 3480 saylı), həmçinin litium metal batareyalarının daşınmasına qadağa qoyulub: "Qadağa şirkətimizdə keçirilən Risk Dəyərləndirməsinin nəticəsi olaraq ICAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub. Həmçinin, ICAO-nun qərarı mobil cihazların (noutbuk, telefon, planşet və s.) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək".

"Nəzərinizə çatdırmaq istərdik ki, yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan ikitəkərli özünü balanslaşdıran seqvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da şirkətimiz tərəfindən qadağan edilib", - deyə şirkət rəsmisi bildirib.

Qeyd edək ki, ICAO ekspertləri noutbuk, smartfon və fotokameralarda istifadə olunan standart batareyaları yanğın təhlükəli hesab etdiyindən onların hava gəmisinin göyərtəsinə aparılmasını yasaqlayıb. Qərar aprelin 1-dən qüvvəyə minəcək və "təhlükəli yük" üçün yeni standart odadavamlı qablaşdırma hazırlanmayana qədər davam edəcək. Qadağa ICAO-ya üzv 191 ölkənin hamısı üçün məcburi olacaq.

Son xəbərlər

Orphus sistemi