AZAL-ın prezidenti ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb

AZAL-ın prezidenti ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın nəqliyyat komandanı Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
İnfrastruktur
9 Noyabr , 2018 15:31
AZAL-ın prezidenti ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın nəqliyyat komandanı Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. 

Məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış olublar. Ümumi sahəsi 25 min m2 olan "Baku Cargo Terminal" MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir.

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildiriblər.

C.Əsgərov Azərbaycanla ABŞ arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing” strateji tərəfdaşımızdır. Bundan əlavə 2016-cı ilin iyun ayından Azərbaycan və ABŞ arasında “Açıq Səma” ("Open Skies") müqaviləsi qüvvəyə minib və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir. Azərbaycanın mülki aviasiya normativ bazasının təkmilləşdirilməsi nəticəsində ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəni – “A” kateqoriyasını verib. Bunun sayəsində iki dövlət arasında birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanması mümkün olub. AZAL-ın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları müasir "Boeing-787-8" Dreamliner hava gəmilərində həyata keçirilir".

Görüş zamanı Azərbaycanda müasir nəqliyyat infrastrukturunun yaradıldığı qeyd olunub, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib.

S.Layonsun sözlərinə görə Azərbaycan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. O bildirib ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsində, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhpərvər əməliyyatlarda ölkəmizin rolunu yüksək qiymətləndirir. 

Son xəbərlər

Orphus sistemi