AZAL qiymətlərə yenidən baxacaq

AZAL qiymətlərə yenidən baxacaq Aviabiletlərin cari qiyməti “Azərbaycan Hava Yolları” QSC-nin kollegiya iclasında müzakirə olunub
İnfrastruktur
16 İyul , 2015 17:00
AZAL qiymətlərə yenidən baxacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bugünkü kollegiya iclasında müzakirə olunub.

Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilən iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, C.Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Həmçinin bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.

C.Əsgərov məlumat verib ki, hazırda AZAL-ın və İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaradılan birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaq.

İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin.

Son xəbərlər

Orphus sistemi