Yuxarı

AZAL aşağı büdcəli aviareyslərə endirim edib

Yeni ildən bir sıra istiqamətdə aviabiletlərin qiyməti 89 avro olacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva ("Vnukovo” hava limanı), Dubay (Əl-Məktum hava limanı), İstanbul (Sabiha Gökçən hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirildiyini elan edib.

“Report” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla 89 avro təşkil edəcək.

“Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (“Domodedovo” hava limanı) reysinə yeni aşağı büdcəli promo tarifi tətbiq edilib. Bu tarifə baqaj daxil edilməyib. Eyni zamanda, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il AZAL bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək”, - deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

Sözügedən tarixdən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından həyata keçiriləcək.

Qeyd edək ki, aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan əvvəl AZAL Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətlərinə yenidən baxılacağını elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi