Yuxarı

​Azərbaycanda yaşayış binaları və körpülərin istismarına icazə üçün tələb olunan sənədlər müəyyənləşdirilib

Siyahıya dəmir yollarının tikintisi də daxildir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nı təsdiq edib.

“Report” xəbər verir ki, siyahıya tikintiyə icazə, xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin ünvanı haqqında arayış, liftlərin istismara qəbulu aktı, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı daxil edilib.

Eyni zamanda, buraya obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında və obyektə çəkilmiş maliyyə xərcləri haqqında (obyekt dövlət vəsaiti hesabına tikildikdə) arayışlar əlavə edilib.

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün sifarişçi tərəfindən təqdim ediləcək siyahıya obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt, sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı, tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri də daxildir.

Körpülərin salınması zamanı körpünün yük altında sınaq aktı təqdim olunmalıdır.

Qərara əsasən, aeroportların tikintisi zamanı uçuş-enmə zolağının yoxlanılması, Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi, uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluğu, uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında, dispetçer avadanlıqlarının istismara yararlılığı aktları tələb olunur.

"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"na uyğun olaraq, magistral boru kəmərləri çəkilməsi zamanı boruların təyinatı üzrə doldurulması haqqında, boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması haqqında, hidrotexniki qurğular üzrə, su doldurulduqdan sonra bəndin susızması haqqında, su anbarlarındakı şlüzlərin yük altında sınaq aktları göstərilməlidir.

Eyni zamanda, metro və tunellər üzrə mənziltunellərinin qabaritlərinin yoxlanılması, havalandırma sisteminin effektivliyinin yoxlanılması, metro və kontakt relslərinin yük altında sınağı, eskalatorların istismara qəbulu, sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktları sifarişçi tərəfindən təqdim olunmalıdır.

Siyahıya dəmir yollarının tikinitisi də daxildir. Belə ki, tikinti zamanı tələb olunan sənədlərə mənziltunellərinin qabaritlərinin yoxlanılması, relslərin yük altında sınağı, sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktları daxildir.

 Qeyd edək ki, tikintisinə icazə tələb edən obyektlərə yaşayış binaları, körpülər, abtomobil yolları, elektrik stansiyaları, aeroportlar, metro və tunellər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi