Yuxarı

​Azərbaycanda texniki nəzarətin tələb olunmadığı tikinti obyektlərinin siyahısı müəyyənləşdirilib

Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısının təsdiq edilməsi haqqında qərar imzalanıb

26 sentyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

“Report” xəbər verir ki, qərar əsasən, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərin tikintisi zamanı texniki nəzarətin həyata keçirilməsi tələb olunmur.

Bu sıraya sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri də daxildir.

Həmçinin, mövcud tikinti obyektləri və (və ya) onların hissələri (həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında) tikinti-quraşdırma işlərinin aparılması da aiddir.

Bundan başqa, ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında, həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin sıfır səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə, onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən, dəyişikliklər edilmiş tikinti layihələri əsasında inşa olunan obyektlər üçün də texniki nəzarətin həyata keçirilməsi tələb olunmur.

Eyni zamanda, tikintisinə texniki nəzarət tələb olunmayan tikililər sırasına hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlər, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyular, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzlar, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarlar, hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəkləri, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələri, kiçik memarlıq formaları (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektləri də daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi