Yuxarı

​Azərbaycan Hava Yolları ABŞ-a ilk birbaşa uçuşunu həyata keçirib

Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib

Bakı. 25 September. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) ABŞ-a ilk birbaşa uçuşunu həyata keçirib. Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib: "Bu kimi uçuşlar turizm və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək".

İlk aviareysin gerçəkləşməsi ABŞ Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımı çərçivəsində mümkün olub. Bunun sayəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası üzərinə düşən 8 mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 

"Biz Azərbaycan hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğura görə təbrik edirik. ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir", - deyə səfirliyin bəyənatında deyilir.

Qeyd edək ki, AZAL sentyabrın 24-dən etibarən Bakı – Nyu-York – Bakı marşrutu ilə aviareyslərə başlayıb. Bakıdan bu marşrutla hər iki istiqamətdə uçuş biletinin qiyməti 599 avro, Nyu-Yorkdan isə 799 dollar müəyyənləşdirilib. Sentyabrın 15-dən gələn ilin martın 28-dək bilet satışı üzrə xüsusi endirim aksiyası keçirilir. 

“Airbus-A 340” tipli hava gəmiləri ilə reallaşacaq aviareyslər hər həftənin çərşənbə və şənbə günləri Bakıdan yerli vaxtla saat 06:00-da həyata keçiriləcək. Təyyarələrin Nyu-Yorka yerli vaxtla saat 09:30-da enməsi nəzərdə tutulub. Geri istiqamətdə uçuşlar eyni günlərdə saat 11:30-da həyata keçiriləcək. Nyu-Yorkdan gələn təyyarələr isə Bakıda səhəri gün yerli vaxtla saat 08:00-da enəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi