Yuxarı
    Bağlamaq

    Atbulaq stansiyasının baş yolları təmir olunur

    Bu günə kimi 230 km-dən artıq dəmir yolu əsaslı təmir olunub

    Bakı. 14 fevral. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmiri layihəsi çərçivəsində Atbulaq stansiyasında 1 100 metr uzunluğunda baş yolun əsaslı təmiri işlərinə başlanılıb.

    "Report"un “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri iki gün davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

    Qeyd edək ki, gələcəkdə ölkənin qərb istiqamətinə sürətli sərnişin qatarları göndərilməsi baxımından yolların əsaslı təmir olunması əsas amillərdən biridir.

    Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

    Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 230 km-dən artıq dəmir yolu əsaslı təmir olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi