Yuxarı
    Bağlamaq

    Astaradan İrana qədər olan yeni dəmir yolunun qoyuluşu başa çatıb

    Hazırda layihə çərçivəsində körpüdə son tamamlama işləri həyata keçirilir

    Bakı. 7 noyabr.REPORT.AZ/ Azərbaycanın Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşu başa çatıb. Astara çayı üzərindəki körpüdə 4 dayaq, istinad divarları tikilib, üstü betonlanıb.

    Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi xəbərə görə, indi körpüdə son tamamlama işləri aparılır. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.

    Qeyd edək ki, bu il aprelin 20-də  Azərbaycan  ilə İran dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran  dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb. Relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran sərhəddinə kimi 8,3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib.

    Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib.

    Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb.

    Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan da müvafiq qanunla "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

    Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub dəhlizi Avropa ölkələri, Rusiya, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi