Yuxarı

"Azərsu": Sayğaclar donvurmadan sıradan çıxarsa, onlar abunəçilərin öz hesabına yenilənəcək

Xəttin donmaması üçün əlavə izolyasiya vasitələrindən istifadə etmək məsləhət görülür

Bakı. 26 yanvar. REPORT.AZ/ Dünəndən Bakıda müşahidə olunan qarlı hava şəraiti “Azərsu” ASC-nin işinə təsir etməyib. “Report”a açıqlamasında ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, xətlərin donması ilə bağlı şirkətə hələ heç bir şikayət daxil olmayıb.

Mətbuat katibinin sözlərinə görə, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılan sayğaclara vətəndaşlar cavabdehdir: “Sayğacların işlək vəziyyətdə saxlanılmasına, plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. Şaxtalı günlərdə fərdi yaşayış evləri və həyətyanı sahələrdə quraşdırılan sayğaclar donvurmadan sıradan çıxarsa, onlar abunəçilərin öz vəsaiti hesabına yenilənəcək. Çünki qeyd etdiyim yerlərdə sayğacların donvurmasının məsuliyyətini “Azərsu” daşımır”.

A.Cəbrayıllı belə günlərdə əhaliyə sayğacları qorumağı tövsiyə edib: “Fərdi yaşayış evlərində su xətlərini donvurmadan qorumağın ən rahat yolu suyu şaxtalı günlərdə gecə saatlarında az şəkildə açıq qoymaqdır. Suyu açıq qoysaq, bir gecəyə təxminən 500-1000 litr su israf olunur. Bu da təxminən 30 qəpik civarındadır. Amma sayğacı dəyişdirsək, vətəndaş 140 manat pul ödəməli olacaq. Bina evlərinin bloklarında quraşdırılan sayğaclara bu qaydalar şamil olunmur. Blokda olan sayğaclarda onsuz da donma olmur. Olsa belə, donma səbəbi ilə sıradan çıxan sayğacları öz vəsaitimiz hesabına dəyişirik. Bu xəbərdarlıq əsasən həyət evləri və həyətyanı sahələr üçün nəzərdə tutulub. Su sayğaclarını qorumaq üçün taxta yonqarlarından istifadə etmək mümkündür. Məsələn, sayğacın qutusuna taxta yonqarlarını doldurmaqla donmadan mühafizə etmək olar. Eyni zamanda, sayğac quraşdırılanda qutunun içərisində gümüşü rəngdə izolyasiya qatı olur. Bəzən bu izolyasiya qatına müdaxilələr olur, qoparılıb, atılır. Onu da əlavə edim ki, hava çox şaxtalı olanda bu izolyasiya qatı etibarsız da ola bilər. Bu səbəbdən xəttin donmaması üçün əlavə izolyasiyaedici vasitələrdən istifadə etmək mütləqdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi