Ağdaş şəhərinin içməli su təchizatı ilə bağlı əksər işlər yekunlaşıb

Ağdaş şəhərinin içməli su təchizatı ilə bağlı əksər işlər yekunlaşıb Layihə 2035-ci ilə qədər Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinə hesablanıb
İnfrastruktur
21 Sentyabr , 2015 17:41
Ağdaş şəhərinin içməli su təchizatı ilə bağlı əksər işlər yekunlaşıb

Baki. 21 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (ADB) tərəfindən birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı" çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

Cəmiyyətdən “Report”a verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması işlərinə 2008-ci ildə ölkə hökuməti və ADB-nin birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrası ilə başlanılıb.

Bu layihə çərçivəsində 3 ədəd subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və 2 min kubmetr tutumu olan su anbarı inşa edilib. Eyni zamanda 2 km uzunluğunda magistral su xətti çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası, “Ağdaş Sukanal” TSC üçün inzibati bina və istehsalat bazası inşa edilib. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılıb. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılıb. Layihəyə uyğun olaraq şəhərdə 141 km uzunluğunda su şəbəkəsi yaradılıb, 5 200 ünvana birləşmə verilib. İndiyədək 4 521 abunəçi smart sayğaclarla təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada 12,5 min kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək. Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin 26 130 nəfər əhalisinin təqribən yarısının normal su təchizatını aparmaq mümkün olub. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilən 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşüb. 

Son xəbərlər

Orphus sistemi