Yuxarı

Ağcabədidə “Kütləvi çıxarış” kampaniyasında 150-ə yaxın sakinə xidmət göstərilib

Yüz sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa sakinlərin ünvanlarında mobil ofis xidmətləri vasitəsi ilə göstərilən “Kütləvi çıxarış” kampaniyası bu gün Ağcabədi rayonunda keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, keçirilən kampaniya nəticəsində rayonun müxtəlif kəndlərindən olan 150-ə yaxın sakinə onların ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Belə ki, 100 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50 kənd sakinlərindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.

Göstərilən qeydiyyat xidmətlərində rahatlığının və əlçatanlığın daha da artırılması məqsədi ilə kampaniya zamanı müraciət edən sakinlərin operativ qaydada daşınmaz əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki pasportların verilməsi məqsədi ilə mühəndis və çöl-ölçmə işlərinin aparılması da təşkil edilib.

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib.

Qeyd edək ki, keçirilən “Kütləvi çıxarış” kampaniyaları zamanı ilkin hüquq müəyyənedici sənədlər əsasında vətəndaşların müxtəlif daşınmaz əmlakları, o cümlədən kənd yerlərində yaşayan sakinlərin həyətyanı və pay torpaqları, vaxtı ilə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlara, fərdi yaşayış evlərinə, şəhər sakinlərinin mənzillərinə dair çıxarışlar təqdim edilir. Habelə ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən vətəndaşlara onların əmlaklarına dair verilmiş qeydiyyat vəsiqələri və şəhadətnamələr çıxarışlarla əvəz olunur.

Ümumiyyətlə, bu günədək keçirilən “Kütləvi çıxarış” kampaniyası nəticəsində respublikanın müxtəlif rayonlarından olan 8 mindən çox sakininə çıxarışlar təqdim edilib. Mobil ofis xidmətləri vasitəsi ilə isə, 100 minə yaxın daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ünvanlarda fərdi qaydada xidmətlər göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi