“ADY Express” şirkəti yeni istiqamət üzrə yükdaşımalara başlayıb

“ADY Express” şirkəti yeni istiqamət üzrə yükdaşımalara başlayıb Daşıyıcı şirkət artıq Cənub–Qərb nəqliyyat dəhlizi ilə də xidmət göstərir
İnfrastruktur
22 Sentyabr , 2016 12:45
“ADY Express” şirkəti yeni istiqamət üzrə yükdaşımalara başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ “ADY Express” şirkəti Cənub–Qərb nəqliyyat dəhlizi yükdaşımalara başlayıb.

Bu barədə "Report"a Şirkətdən bildirilib.

Xatırladaq ki, Azərbaycanın tranzit potensialını artıracaq TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yanaşı, mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də Cənub–Qərb nəqliyyat dəhlizi hesab olunur. Dəhliz Hindistan / İran Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərir.

İlk olaraq "ADY Express" test məqsədi ilə İrandan 4 yük avtomobilində Astara sərhəd məntəqəsindən qəbul edilmiş 90 ton yüngül distilat neft məhsulunu Astara neft terminalında 2 ədəd çən vaqonlarını aşırıb və yük yaxın zamanda Astara dəmir yolu stansiyasından Gürcüstanın Batumi stansiyasına yola salınacaq. Batumi dəniz limanından yük Qara dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılacaq.

İlkin mərhələdə bu yükün həcmi aylıq 10 min ton səviyyəsində olacağı, perspektivdə isə bir neçə dəfə artacağı gözlənilir. Qeyd edək ki, həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astara dəmir yolu stansiyasında vaqonlara yüklənməsi, Prezident İlham Əliyevin verdiyi fərman və bu fərmandan irəli gələn Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaların tətbiq edilməsi nəticəsində mümkün olub. Həmin qərara əsasən, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları vasitəsilə edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyat vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları rəqabətə davamlı etməklə, nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyini artırıb. Nəticədə alternativ marşrutlardan Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara yüklərin cəlb olunması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, Cənub–Qərb nəqliyyat dəhlizi üzrə razılaşma, “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə 2016–cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna tərəfindən Bakıda imzalanıb. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi realdır. Beləki, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən–ilə genişləndirən Hindistan, İran və Körfəz dövlətlərinin potensialından bəhrələnərək Azərbaycan hökümətinin müvafiq nəqliyyat strukturları bu dövriyyənin əsasən Azərbaycan üzərindən tranzit keçişini artırmaqla dövlətimizin iqtisadi qüdrətinə öz töfhələrini vermiş olarlar. Cənub–Qərb Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Misal üçün əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub–Qərb Tranzit Dəhlizi ilə bu müddət 15 gün olacaq.

Bir sözlə, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır.

Son xəbərlər

Orphus sistemi