Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün "Master Plan" hazırlanıb

Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün "Master Plan" hazırlanıb "Master Plan" 18 bölmədən ibarətdir
İnfrastruktur
19 Dekabr , 2016 19:44
Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Master Plan hazırlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Nazirlər Kabinetində “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya sistemləri və yağış suları sistemlərinin Master Plan”ının təqdimatı keçirilib.

"Report" “Azərsu” ASC-yə istinadən xəbər verir ki, tədbirdə çıxış edən baş nazirin müavini Abid Şərifov son illər əhalinin sayının artması nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil: "Bu vir sıra problemlər yaradır. Paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır".

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxışında bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb: "Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb".

Daha sonra "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün “Master Plan”ın təqdimatı olub.

Təqdimatda qeyd edilib ki, “Master Plan”a uyğun olaraq, su təchizatı və kanalizasiya sistemi müxtəlif tullantılardan təmizlənib. Bu istiqamətdə görülən işlər nəticəsində indiyədək əsas daşıyıcı kollektorların 106 kilometrlik hissəsində təmizləmə işləri aparılıb. Buradan təxminən 12 min kubmetr həcmində bərk məişət tullantıları çıxarılıb. Bu da kollektorların su daşıma qabiliyyətinin tam bərpa olunmasını təmin edib.

Eyni zamanda Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70%-i istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur.

Bununla belə, "Master Plan”da Abşeron rayonunun su təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə 8100 kilometr uzunluğunda yeni su şəbəkəsi xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq bu xətlərin 1950 kilometri çəkilib. Kanalizasiya sistemində Abşeron yarımadası üzrə tullantı sularının axıdılması üçün öz axarı ilə təbii toplanan 107 hövzə müəyyən olunub. Tullantı sularının həmin hövzələr vasitəsilə 11 əsas hövzədə toplanması layihələndirilib. Yağış sularının idarə edilməsi üçün Abşeron yarımadasındakı mövcud 150 göldən 49-dan istifadə edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, su-kanalizasiya sistemlərinin yenidən qurulması su itkisinin 2035-ci ilədək dəfələrlə azaldılmasına imkan yaradacaq.

Təqdimatdan sonra fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov çıxış edərək rəy və təkliflərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi