Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova martın 15-də ABŞ-da konsert proqramı ilə çıxış edəcək.
Bu barədə "Report"a Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblın üzvü, musiqiçi Nizami Mirzəyev məlumat verib.
"Xoş gördük əzizlərim" adlı konsert proqramı martın 15-də Nyu-York şəhərindəki 1300 yerlik "Master Theater"də baş tutacaq.
Z.Xanlarovanın rəhbərlik etdiyi ansambl martın 12-də ABŞ-a yola düşəcək.
N.Mirzəyev konsertə ciddi hazırlaşdıqlarını deyib: "Konsertin məşqləri üç ay əvvəl başlayıb. Nyu-York şəhərində ikihissəli möhtəşəm konsert verəcəyik. Sonuncu dəfə 2012-ci ildə ABŞ-da olmuşduq. Zeynəb xanımın konsertləri həmişə gözəl keçir. Budəfəki konserti ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporu təşkil edib. Nyu-York konsertindən sonra Vaşinqton şəhərində də bir konsertimiz gözlənilir".
Qeyd edək ki, Zeynəb Xanlarova martın 12-dən 19-dək ABŞ-da səfərdə olacaq. ABŞ konsertlərindən sonra Zeynəb Xanlarovanın Kanadada konsert proqramı ilə çıxış edəcəyi planlaşdırılıb.
Konsertdə xalq və bəstəkar mahnıları, muğamlar, təsniflər səslənəcək.