Azər Zeynalov yubileyini premyera ilə qeyd edəcək

Azər Zeynalov yubileyini premyera ilə qeyd edəcək 50 yaşlı aktyor səhnəyə "Otello" kimi çıxacaq
İncəsənət
13 Dekabr , 2014 10:50
Azər Zeynalov yubileyini premyera ilə qeyd edəcək

                                   

Bakı.13 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Azər Zeynalovun 50 yaşı tamam olur.

Xalq artisti "Report"a açıqlamasında yubileyini adi gün kimi keçirəcəyini deyib. O, bu gün yeni tamaşasının premyerasında çıxış edəcək.

"Yubileyimlə bağlı xüsusi tədbir olmayacaq. Mənim üçün bu günün təmtərağı premyeramın olmasıdır. Bu gün "Otello" tamaşasının nümayişidir. 50 yaşımda Otello rolunu ifa etmək mənim qismətimə düşüb".

Qeyd edək ki, Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində yazıçı-publisist Zeynal Vəfanın ailəsində dünyaya gəlib. Azər Zeynalov 1998-ci ildə birbaşa Azərbaycan Respublikasının xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 2013-cü ildə O, "Türksoy" təşkilatının təsis etdiyi medalla təltif olunub.

Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi adı verilib. Azər Zeynalov vokal ifaçılığının tədrisi üzrə 2008-ci ildə magistr, 2012-ci ildə isə bakalavr təhsil pilləsi üçün proqram tərtib edib. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı Ali musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.

Son xəbərlər

Orphus sistemi