Yuxarı

Zəhra Bədəlbəyli: "Bizdə aktrisalara evdar, həyasız, həyatdan küsmüş, pozğun qadın obrazları verilir" - MÜSAHİBƏ

Zəhra Bədəlbəyli: "Bizdə aktrisalara evdar, həyasız, həyatdan küsmüş, pozğun qadın obrazları verilir" - MÜSAHİBƏ
Halbuki biznesmen, cəsur, pilot, avtobus sürücüsü olan qadınlar var

"Gənclər özləri AYB-yə getmirlər, halbuki hər cür şərait yaradılıb"

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə, prodüser Zəhra Bədəlbəylinin “Report”a müsahibəsi.

- Əvvəla, Zəhra Bədəlbəyli deyərkən ilk yada Fərhad Bədəlbəyli gəlir, Çingiz Abdullayevin əminiz olduğunu isə çoxları bilmir...

- Əslində, Fərhad Bədəlbəyli anamın əmisi oğludur. Mən də anamın soyadını götürmüşəm. Təbii ki, mənim musiqiçi olmağımda Fərhad Bədəlbəylinin çox böyük rolu var və bu soyada da layiq olmağa çalışıram. Hər halda sözdə deməsələr də, həmişə dəstəklərini hiss edirəm. Yaxın insanlar mənə çox nadir hallarda yaxşı söz deyirlər (gülür). Ancaq başqalarından eşidirəm ki, onlar mənim işlərim haqqında necə həvəslə danışırlar.

- Bir neçə ay öncə yeni şeirlər kitabınız çapdan çıxıb...

- Bəli, “Sənin əlindədir” (“В твоих руках") adlı şeirlər toplusu avqust ayından satışdadır. Kitabın rəsimləri Ləman Yusifliyə məxsusdur. Şeirlər rus dilindədir. Çünki mən Azərbaycan, rus və ingilis dillərində yazıram. İnanıram ki, çox şey bizim əlimizdədir. Taleyimizin yolu da əlimizdə yazılıb. Bütün şeirlərin içərisində fəlsəfə var. Eyni zamanda sevgi, sosial, fəlsəfi və müxtəlif mövzularda şeirlər var.

Düzdür, ilk kitabımda da fəlsəfi məzmunlu şeirlərim üstünlük təşkil edirdi. Ancaq kitabdakı “Zamanın axarınca” poemasında çox sadə və özünəməxsus sujet var. İllər keçdikcə fikirlər dəyişir. Ola bilsin ki, eyni mövzularla bağlı müxtəlif fikirlərlə çıxış etmişəm. Bu kitab 7 il ərzində yazdığım şeirlərdən ibarətdir. Ancaq bütün şeirlərimi oraya daxil etmədim.

- Bəs niyə daxil etmədiniz?

- Çünki bəzi şeirlər çox şəxsi idi, həm də bəzilərinin üzərində işləmək istəmədim.

- Kitabın Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulubmu?

- Mən bilmirəm tərcümə olunmasını istəyirəm ya yox. Çünki şeirlər tərcümə olunanda onların mövzusu bir qədər itir. Düzdür, Səməd Vurğun və digər tanınmış şairlərimiz də dünya şöhrətli şairlərin şeirlərini dilimizə tərcümə ediblər. Ancaq mən inanmıram ki, hazırda bu addımı atmaq doğru olardı.

- Siz Azərbaycan dilində şeirlər yazırsınızmı?

- Bəli. Bir ildən sonra Azərbaycan dilində şeirlər kitabı çap etmək fikrim var. Çox şadam ki, Ukraynadan, Rusiyadan kitabımı əldə etmək üçün mənə yazırlar. Kitabımın onlayn sifariş etmək imkanına görə çox sevinirəm.

- Bəs tənqidlərlə qarşılaşırsınızmı?

- Əlbəttə. Mən buna görə onlara minnətdaram. Onların arasında ən yaxınlarım və hörmət etdiyim insanlar da var. Hətta bibim Maya Bədəlbəyli, eyni zamanda əmim Çingiz Abdullayev kitaba şərh yazıb.

Deməli, 15 yaşım olanda bibim mənə dedi ki, sən şeirlərində “mən” sözündən çox istifadə edirsən. Bu tənqiddən sonra diqqətli oldum və həmin sözdən istifadəni azaltdım.

- Mütaliəni, yoxsa yazmağı daha çox sevirsiniz?

- Bu dövrlərə bağlıdır. Avqustda kitabım çapdan çıxdı. Avqustdan noyabra qədər cəmi bir şeir yazdım. Əvvəllər günə bir şeir yazırdım. İndi daha çox mütaliə ilə məşğulam. Çünki oxuduqları, ətrafdakı insanlar, baş verən hadisələr yazıçıya, şairə təsir edir. Böyük romanlar, əsərlər yazan nasirlər bütün fikrini öz məhsuluna yönəldərkən başqa kitab oxusalar, bunun süjet xəttinə təsiri olacaq. Bu da düzgün deyil. Mən hələlik məlumat toplamaqla məşğulam.

- Bəs ən çox sevdiyiniz və bəyəndiyiniz yazar kimdir?

- Demək olar, ən sevdiyim və mənim üçün çox dəyərli olan Aleksandr Puşkindir. Müasir yazıçılardan məni çox təəccübləndirən Elif Şafakdır. Bizimkilərdən isə Ramiz Rövşən və Əlibəy Məmmədlini çox bəyənirəm.

- Siz Azərbaycan Yazıçılar Birliyinin də üzvüsünüz...

- Mən AYB üzvü kimi tədbirlərə az-az gedirəm. Ancaq gənc şairlər orada toplaşıb müzakirələr aparmasını çox istərdim. Gənclər özləri AYB-yə getmirlər, halbuki hər cür şərait yaradılıb.

İndi məni film yaradıcılığı daha çox cəlb edir. Bu sahədə hansısa layihə həyata keçirmək istərdim.

- Rejissor, ya aktrisa kimi?

- Artıq aktrisa kimi özümü sınaqdan keçirmişəm. Bu yaxınlarda rol aldığım “Siçan Pişik” filminin Türkiyədə premyerası keçirildi. Gələn ilin fevralında isə Bakıda premyerası baş tutacaq. Bundan başqa, “Hər şey sənin əlindədir” kitabım üçün bir film çəkdik. Əsas ideya ondan ibarət idi ki, filmdə heç bir üz görünməməli idi. Film yalnız əllə göstərilir. Hazırda filmi festivallara göndəririk. Filmin prodüseri və ssenari müəllifiyəm və hanısısa nailiyyət qazanacağına ümid edirəm.

- Bəs filmə çəkilmək üçün təkliflər alırsınızmı?

- Bu yay Batumidə keçirilən “Silkway Star” müsabiqəsində münsif kimi iştirak edirdim. Bir gürcü resjissorla tanış oldum və onların hansısa layihəsində aktrisa kimi iştirakımı təklif etdi. Bundan başqa, Tacikistandan da dəvət almışam.

- Siz ssenaridə nəyə yox deyərdiniz...

- Bu gün Azərbaycanda məni narahat edən bir məqam var. Kişilər üçün kifayət qədər maraqlı obrazlar olduğu halda, qadınlar üçün maraqlı obraz çox azdır. Aktrisalar üçün həmişə evdar qadın, həyasız insan, yaxud da həyatdan küsmüş və pis yola düşmüş obrazlar yaradılır. Halbuki bizdə biznesmen, cəsur, pilot, hətta avtobus sürücüsü olan qadınlar var. Yəni ətrafa yaxşı baxıb həmin obrazları yaratmaq lazımdır. Aktrisaların hansısa yaxşı obrazı canlandıra biləcəyini gördüyün halda, onlara həyasız, yaxud pozğun qadın obrazları verirlər.

- Son olaraq nə demək istəyərdiniz?

- İnsanlara demək istərdim ki, öz ürəklərini sevgi ilə doldursunlar. Bu sevgi hansısa insana qarşı olmamalıdır. Biz nə qədər həyatı, ətrafdakı insanları, işimizi sevsək, o qədər də bütün cəmiyyət rahat yaşayacaq.

Foto: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi