Yuxarı

YUĞ teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək

Səhnə əsəri Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşanın nümayişi bu gün saat 18.00-da olacaq.

Tamaşanın ictimai baxışına teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub.

Türkiyəli dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.

Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.

Qeyd edək ki, 26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir. Dramaturqun "Zibillik" pyesi əsasında hazırlanmış "Şok" tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar.

“Şok” tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. "Şok" tamaşası YUĞ Dövlət Teatrının sayca 94-cü tamaşasıdır. Tamaşanın xronometrajı 75 dəqiqədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi